Ümumdünya Müəllimlər Günü ilə bağlı YUNESKO-nun bəyanatı
05.10.2019
YUNESKO-nun baş katibi Odri Azule, Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder, YUNİSEF-in icraçı direktoru Henriatta For, BMT İP-nin administratoru Ahim Ştayner, “Beynəlxalq Təhsil”in baş katibi David Edvardsın
Ümumdünya Müəllimlər Günü
ilə əlaqədar birgə
Bəyanatı
“Gənc müəllimlər: peşənin gələcəyi”
5 oktyabr 2019-cu il
"Yaradıcı özünüifadə və öyrənmə həvəsi oyatmaq müəllimin ali sənət nümunəsidir."
Bu gün Albert Eynşteynin ardınca gələcək təhsil sisteminin təməl daşı hesab edilən müəllimin səriştəsinə, enerjisinə və bu peşəyə olan məhəbbətinə ehtiramımızı bildiririk.
Müəllimlər həm də peşənin təkmilləşməsində vacib rol oynayırlar. Yeni nəsil motivasiyalı müəllimlər olmadan milyonlarla şagird keyfiyyətli təhsil almaq hüququndan məhrum olacaq və ya məhrum olaraq qalacaq. Müəllimlərin layiqli maaş almadıqları və kifayət qədər qiymətləndirilmədikləri şəraitdə istedadlıları bu sənətə cəlb etmək və qoruyub saxlamaq problemə çevrilir. Bütün dünyada kadrların müəllimlikdən uzaqlaşması yüksək templə gedir; qismən qeyri-stabil iş şəraiti, qismən də davamlı peşəkar inkişaf üçün az imkanların olması səbəbilə. Bundan əlavə, xüsusi təhsil ehtiyacları və əlilliyi olan uşaqlar, qaçqınlar və çoxdilli şagirdlər üçün vəsait çatışmazlığı var.
Bu gün təcili qərarlar qəbul etmək lazımdır. YUNESKO-nun Statistika İnstitutu tərəfindən verilən rəqəmlər ciddi narahatlıq doğurur: 2030 Təhsil Gündəliyini tam qarşılamaq üçün dünyanın təxminən 69 milyon yeni müəllimə ehtiyacı var. Saharadan cənubda yerləşən ölkələrin 70%-i müəllim çatışmazlığı ilə üzləşdiyinə görə qlobal bərabərsizliklər də arta bilər.
İnkişaf etməkdə olan ölkələrin şəhərətrafı və böhrandan zərər çəkmiş bölgələrində belə problemlər daha qabarıqdır. Müəllimlər, xüsusilə qadın müəllimlər zorakılıq və təcrid olunma ilə üzləşirlər. Müəllimlərin şəhərlərə axın etməsi ucqar kənd məktəblərində müəllim çatışmazlığına gətirib çıxarır.
Bu vəziyyətin qarşısını almaq üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda müəllimlərin əsas rolu YUNESKO-nun Qlobal Təhsil Görüşündə və 2030 Təhsil gündəliyi üçün 11-ci Siyasi Dialoq Forumunda bir daha təsdiqləndi. İstedadlı mütəxəssislərin işə qəbul edilməsi, öyrədilməsi, motivasiya edilməsi və XXI əsr siniflərində qorunub saxlanılması üçün təhsil sistemləri yeni ideyalara əsaslanmalıdırlar.
Kütləvi informasiya vasitələri və yeni texnologiyalar müəllimlik peşəsinin nüfuzunun artırılmasında, eləcə də insan hüquqları, sosial ədalət və iqlim dəyişikliyi kontekstində bu peşənin əhəmiyyətinin nümayiş etdirilməsində vasitəçi olmalıdır. Hökumətlər həmçinin məşğulluq və iş şəraitini də yaxşılaşdırmalıdır. Bu, yaxın on ildə təqaüdə çıxma ehtimalı olan 48,6 milyon müəllimi əvəzləyəcək gənc namizəd çatışmazlığı nəzərə alındıqda daha vacib məsələdir.
"Gənc müəllimlər: peşənin gələcəyi" mövzusu sübut edir ki, biz müəllim missiyasının dəyərini dərk edirik. Hökümətləri müəllim peşəsini gənclər üçün cəlbedici etməyə çağırırıq. Həmçinin müəllim birliklərini, özəl sektorun işəgötürənlərini, məktəb direktorlarını, valideyn-müəllim assosiasiyalarını, məktəb idarəetmə komitələrini, təhsil rəsmilərini və müəllim-metodistləri fəal müəllim kadrlarının meydana gəlməsində sağlam düşüncələrini və təcrübələrini bölüşməyə dəvət edirik.
Ən başlıcası isə dünyanın hər yerində "inklüziv, bərabər və keyfiyyətli təhsil" və "hamı üçün ömürlük təhsil imkanlarının" təbliğ olunmasını təmin etmək üçün səylərini davam etdirən fədakar müəllimlərin əməyini qeyd edirik.