XƏBƏRLƏR

"Rəqəmsal ödənişlərdən istifadə" mövzusunda seminar

15.10.2019

TİPİİ-də Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün “Rəqəmsal ödənişlərdən istifadə” mövzusunda seminar təşkil edilmişdir. Seminar Mərkəzi Bankın İqtisadi təhlil departamenti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsidir. Maarifləndirici və praktik yönümlü seminar müəllimlər, şagirdlər, valideynlər arasında rəqəmsal ödənişlərdən fəal istifadənin təbliğini hədəfləyir. 4 akademik saat davam edən məşğələdə müəllimlərə rəqəmsal və nağdsız ödənişlərin üstünlükləri, hökümət ödəniş portalı, malların məsafədən sifarişi, elektron ticarət və pul köçürmələri barədə məlumat verilmiş, iştirakçılar Hökümət Ödəniş Portalı vasitəsi ilə ödənişlər edərək prosesin alqoritmini təcrübədə öyrənmişlər.

15 oktyabrda keçirilmiş ilk seminar Mərkəzi Bankın əməkdaşları Rövşən Qəniyev və İlhamə Bəhramovanın moderatorluğu ilə baş tutmuşdur. Növbəti həftələrdə daha üç qrup müəllim üçün eyniadlı seminar planlaşdırılır. Tədris ili ərzində digər müəllim qrupları üçün seminarlar TİPİİ-nin mütəxəssisləri tərəfindən davam etdiriləcəkdir.  

Məlumat üçün qeyd edək ki, “Rəqəmsal ödənişlər” mövzusu “Həyat bilgisi fənninin tədrisi metodikası” adlı ixtisasartırma proqramına daxil edilmiş, təlimlər ərzində fənni tədris edən müəllimlərdə bu bacarıqların formalaşdırılması nəzərdə tutulmuşdur.