XƏBƏRLƏR

Məktəb psixoloqları üçün seminar

28.10.2019

28 oktyabrda TİPİİ-də məktəb psixoloqları üçün “Mandala metodikası ilə şagirdlərdə stressin aradan qaldırılması” mövzusunda seminar keçirilmişdir. 2 hissədən ibarət seminarda əvvəlcə Mandala metodikasının psixologiyaya gəlişi tarixindən, onun psixoloji və fəlsəfi izahından bəhs edilmişdir. Seminar əsnasında moderatorun yönəldici sualları ilə iştirakçılar beyinin sağ və sol yarımkürələrinin fəaliyyətində bu metodun rolu, onun şagirdlər üzərində tətbiqi üsulları barədə müzakirələr aparıblar. Müzakirənin sonunda gəlinən yekdil nəticələrdən biri bu cür oldu: Bu metodikanın əsas prinsiplərindən biri də şagirdin yaş səviyyəsinə uyğun mürəkkəblikdə verilməsidir.  

Seminarın davamında iştirakçılar stressi aradan qaldıran vasitələrdən biri kimi təqdim olunan Mandalaterapiya ilə prosesdə birbaşa iştirak etdilər. Məqsəd həm də bu idi – şagirdlərlə empatiya qura bilmək üçün Mandala metodikasının yaratdığı təəssürat və emosiyaları psixoloqlara yaşatmaq.   

Qeyd edək ki, artıq ikinci ildir ki, İnstitutda məktəb psixoloqları üçün seminarlar təşkil olunur, hər dəfə müxtəlif mövzular işıqlandırılır. Seminarların məqsədi psixoloqların peşəkar fəaliyyətinə dəstək verməklə məktəbdə sağlam sosial-emosional mühit qurulmasını təmin etməkdir.