XƏBƏRLƏR

İnformatika müəllimləri "Refleksiv müəllim" seminarında

30.10.2019

30 oktyabrda “Refleksiv müəllim” seminarının təqdimatçısı və iştirakçıları İnformatika müəllimləri oldu. Seminarın mövzusu 244 nömrəli məktəbin İnformatika müəllimi İradə Baxşəliyevanın “Cədvəl informasiya modeli” adlı dərs icmalı idi.

İlk baxışda mükəmməl görünən dərs icmalının detallı müzakirəsi bir çox məsələləri dərindən anlamağa kömək etdi. Seminarın formatına uyğun olaraq ilk 15 dəqiqə ərzində təqdimatçı dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs etdi. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadaladılar,  irad və təkliflərini bildirdilər. Dərs zamanı təqdim olunan iş üsulları, onların fənnin xarakterinə uyğunluğu müzakirə edildikdən sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparıldı.

Müzakirə doğuran suallardan biri  “Qrup üçün tərtib olunan qiymətləndirmə meyarları akademik, yoxsa sosial bacarıqları ölçməlidir?” idi. Sual ətrafında gedən söhbətlərdən həm də məlum oldu ki, müəllimlər fərdi qiymətləndirmə ilə qrup şəklində qiymətləndirmə meyarları arasındakı fərqə diqqət vermirlər. Bu isə hərdən məntiqsiz qiymətləndirmə meyarlarına gətirib çıxara bilər.

Metodist alimlər müəllimlərin peşəkarlığının 4 şərti səviyyəsini müəyyən edir: reprodiktiv, adaptiv, modelləşdirici və sistemli. Bu müəllimlər kimlərdir?

Reproduktiv səviyyədə olan müəllim bildiklərini kor-təbii təqdim edir. Adaptiv səviyyədəki  müəllim bildiklərini sinfin tələblərinə uyğunlaşdıra bilir. Modelləşdirici səviyyədə  müəllim rəngarəng metodoloji bilik və bacarıqlara malikdir; məqsəd və məqsədə aparan yolları dəqiq müəyyən etməyi bacarır. Sistemli səviyyədə duran  müəllimin bilik və bacarıqları şagirdlərdə özünütərbiyə, müstəqil öyrənmə və özünüinkişaf bacarıqları formalaşdırır.

Ümid edirik ki, “Refleksiv müəllim” seminarında iştirak edən müəllimlər özlərinin və həmkarlarının öyrətmə üsullarını təhlil etmək bacarığı qazanmaqla daha yüksək peşəkarlıq səviyyəsinə çatacaqlar.

Yeni müəllim qrupunu növbəti seminarımızda gözləyirik.