Məktəb psixoloqları "Şagirdlərdə davranış pozuntularının korreksiyası" üçün toplaşdı
13.11.2019
60-dan çox məktəb psixoloqunun iştirakı ilə “Şagirdlərdə davranış pozuntularının korreksiyası” mövzusunda təşkil etdiyimiz seminar noyabrın 13-də baş tutdu. İki qrupla eyni mövzuda təşkil olunan seminarların moderatorları BDU-nun müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova və ADU-nun Psixologiya kafedrasının baş müəllimi Sevinc Əmirova idi.
Seminarın ilk hissəsində korreksiyaedici üsullarla (oyun, art-terapiya, psixogimnastika, davranış terapiyası və s.) yanaşı, emosiyaların idarə edilməsi texnikaları, onların ayrı-ayrılıqda tətbiq edildiyi psixoloji situasiyalar şərh olundu.
Sonrakı mərhələdə müzakirələr şagirdlərdə hiperaktivlik, gündəlik məktəb həyatında tez-tez qarşılaşdığımız verbal, emosional, fiziki aqressiya, onların şüuraltı səbəblərinin araşdırılması və s. üzərində davam etdi. Digər müzakirə mövzusu - valideynlərlə iş məsələsində ümumi qənaət bu cür oldu ki, davranış pozuntusu nümayiş etdirən şagirdlərin valideynləri ilə söhbəti elə aparmaq lazımdır ki, o, öz övladını müdafiəyə deyil, problemin mahiyyətini anlamağa və psixoloqla əməkdaşlıq edərək həll yolları axtarmağa cəhd etsin.
Çoxsaylı təcrübə və ideyaların səsləndiyi seminarda psixoloqların işini asanlaşdırmaq üçün verilən təkliflərdən biri də məktəb kollektivi arasında psixoloji maarifləndirmə işinin darıxdırıcı iclaslar şəklində deyil, kreativ və öyrədici oyunlardan ibarət təlim və seminarlar şəklində aparılması idi.
Sonda isə dəvətimizi qəbul edərək psixoloqların peşəkar inkişafına dəstək verdikləri üçün Sevinc Əmirovaya və Aynur Bünyatovaya təşəkkürümüzü bildiririk! İkinci böyük təşəkkür isə seminar iştirakçılarına düşür!