XƏBƏRLƏR

Rus dili müəllimləri "Refleksiv müəllim" seminarında

29.11.2019

Noyabrın 28-də “Refleksiv müəllim” seminarı Rus dili fənnini tədris edən müəllimlərlə keçirildi. Artıq bir ənənəyə çevrilib ki, rus dili müəllimləri yığılanda bu fənnin tədrisi metodikası üzrə ustadımız akademik Çingiz Bədəlov, alimlər Nailə Bədəlova və Hikmət Kazımov da seminarda iştirak edir, fikir və təkliflərini bildirirlər. BŞTİ yanında Təlimə Dəstək Mərkəzinin metodisti Dilbər Məmmədovanın iştirakı da qüvvələrimizi konsolidasiya etmək baxımından təqdirəlayiqdir.

Seminarımızda könüllü olaraq dərs icmalını müzakirəyə çıxarmış Bakı şəhəri 36 nömrəli tam orta məktəbin rus dili müəllimi Solmaz Hüseynovaya xüsusi təşəkkür edirik. Onun təqdim etdiyi material üzərində müzakirələr aparıldı və xeyli şeylər öyrənildi. Rus dilinin ikinci xarici dil kimi tədrisində ortaya çıxan problemlər xüsusi vurğulandı. Amma müzakirə “Mövcud vəziyyətdə hansı çıxış yolları mümkündür?” sualı əsasında aparıldı:

- Əgər dərslik yoxdursa, nə etməli?

- Ayrılmış dərs saatları azdırsa, nə etməli?

- Şagirdlərin dərsdə daha çox danışmasına şərait yaratmaq üçün nə etməli?

- Hansı fəal təlim üsulları xarici dil tədrisi üçün müvafiqdir?

- Qrup tapşırıqlarını necə modifikasiya etmək olar ki, onlar doğrudan da bir neçə nəfərin birlikdə işləməsinə şərait yaratsın?

- Formativ qiymətləndirmə rubriklərini necə yaradaq?

Öyrətmə prosesində mütəmadi olaraq sualların yaranması labüddür. Bu suallardan qaçmadan, birlikdə həll yolları axtarmaq mədəniyyəti isə güclü məktəb kollektivi formalaşdırır.