XƏBƏRLƏR

Peşəkarlığa aparan yolları tələbələrlə öyrənirik

06.12.2019

Ötən ay – noyabrın 22-də “Peşəkar ol” seminarı yeni qrupla öz işinə başlayıb. TİPİİ-nin 2017-ci ildən həyata keçirdiyi,  bugünədək 70-dən çox iştirakçının faydalandığı layihənin məqsədi yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.  

Ali məktəblərdə pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr və magistrantlar üçün nəzərdə tutulan proqramın builki iştirakçıları yenə də Azərbaycan Dillər Universitetinin tələbələridir. 20 akademik saatlıq seminarda iştirakçılar “Müasir təhsilin xüsusiyyətləri”, “Təhsilin məzmunu, kurikulum, tədris metodikası”, “Şagird-müəllim münasibətləri”, “İKT-nin təhsilə tətbiqi”, “Auditoriya ilə iş”, “Media savadlılığı” və s. kimi mövzuları TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislərlə birlikdə müzakirə edəcəklər. Gələcəyin gənc müəllimlərində öyrətmə bacarığı və öyrənmə həvəsi formalaşdırmağı hədəfləyən seminarlarda tələbələr həm də real situasiyaların təhlilini aparacaqlar.  

Ümumilikdə iki ayı əhatə edəcək proqramı uğurla bitirən iştirakçılara sertifikat və İnstitutun korporativ hədiyyələri veriləcəkdir.