XƏBƏRLƏR

Yenidən məktəb psixoloqları ilə

18.12.2019

Məktəb psixoloqları üçün təşkil etdiyimiz seminarlardan növbətisi dekabrın 18-də “Məktəb psixoloqunun fəaliyyətinin hesabatlılıq və protokollaşdırma qaydaları” mövzusunda oldu. İki qrupla  ̶  saat 10:00 və 14:00 seansları ilə təşkil olunan seminarda ümumilikdə 40-dan çox psixoloq iştirak edirdi.  

Seminar iştirakçılar üçün kifayət qədər aktual və maraqlı mövzuda idi: onların məktəbdəki fəaliyyətinin hesabatlılıq və protokollaşdırma qaydaları barədə. 90 dəqiqə ərzində davam edən seminarda Bakı Slavyan Universitetinin müəllimi, psixoloq Nisə Abdullayeva ehtiyac duyulan sənədlər toplusu haqqında xeyli faydalı məlumatlar verdi:

  • Psixoloqun illik fəaliyyət planı;

  • Məşğələ blankı;

  • Himayədarla görüş blankı;

  • Həftəlik iş cədvəli;

  • Müşahidə blankı;

  • Aylıq və illik hesabat;

  • İllik fəaliyyət planı (tərtibi, təsdiqi, icrası, monitorinq və qiymətləndirilməsi və s.).

Daha sonra seminar “Aylıq və illik hesabatda aparılacaq qeydlər necə və nədən ibarət olmalıdır?” sualı əsasında psixoloqların öz təcrübəsini də bölüşdüyü müzakirələrlə davam etdi. Seminarın digər bir vurğulanmalı cəhəti onda oldu ki, iştirakçılar bu sənədlərin çap olunmuş nümunələri ilə əyani tanış olaraq yaranan suallarına yerindəcə cavab tapa bildilər.

Sonda isə seminarda moderatorluq dəvətimizi qəbul etdiyi üçün Nisə xanıma təşəkkürümüzü bildiririk.

Ümid edirik ki, seminar psixoloqların fəaliyyətinin daha strukturlu qurulmasına kömək edə, sənədləşdirmə işinin bir çox qaranlıq məsələlərinə aydınlıq gətirə bildi.