XƏBƏRLƏR

Kimya fənni üzrə dərs icmalının müzakirəsində

26.12.2019

“Refleksiv müəllim” layihəsinin cari il üçün sonuncu seminarı 25 dekabrda kimya müəllimləri üçün təşkil olundu. 244 nömrəli məktəbin müəllimi Sevinc Qocayevanın təqdimatında IX sinifdə “Fosfor” mövzusu dinlənildi. İnteraktiv təlimin tələbləri əsasında hazırlanmış icmal müxtəlif rakurslardan təhlil olundu: “Dərsin başlanğıcında qoyulan sual beyin həmləsi üçün düzgün seçilmişdimi? O, şagirdləri düşündürərək dərsə cəlb etmək gücündə idimi? Dərsdə verilən tapşırıq və vizual məlumatlar həqiqətən öyrədici xarakterdə idimi?” Müzakirə zamanı məlum oldu ki, müəllimlər adətən “beyin həmləsi” yaradan suallarla faktoloji sualları qarışdırır. Nəticədə isə dərsin ilk anından şagirdi “itiririk”.

Digər tərəfdən, az dərs saatları ərzində kimya fənnini şagirdlərə öyrətmək və sevdirməyin çətinliyini dilə gətirən müəllimlər üçün hamılıqla qəbulolunan arqument bu cür idi:  bu halda öyrətmə üsulunu dəyişmək lazımdır. Çünki zaman da ekstevsiv deyil, intensiv üsulları dəstəkləyir. Yəni daha çox vaxt, daha çox resurs, daha çox informasiya əvəzinə mövcud vaxtı, resursları və informasiyanı daha səmərəli sərf etməklə uğurlu nəticəyə yaxınlaşmaq mümkündür.

Seminarda həm də təlim məqsədinin əvvəlcədən şagirdlərə elan olunmasının, dərsin mövzunun xarakterinə uyğun qurulmasının, xüsusilə bu fəndə “dərin” və “dayaz” öyrətmənin mövzular üzrə paylanılmasının vacibliyi  vurğulandı.

Fikir ayrılıqları, yüksək emosional eniş-yoxuşların müşahidə edildiyi seminar daha çox müəllimlərin bir-birinin təcrübəsindən öyrəndiyi dəqiqələrdən ibarət oldu. Son dövrdə yazılan elmi-metodik tədqiqatların gəldiyi yekdil nəticə də budur ki, müəllimlər vəziyyəti bir-biri ilə müzakirə edəndə daha yaxşı öyrədirlər.

Beləliklə, 2019-cu il üçün nəzərdə tutduğumuz “Refleksiv müəllim” seminarları başa çatdı. Bu il ərzində müxtəlif fənlər üzrə keçirilmiş seminarlarda ümumilikdə 500 nəfərdən çox müəllim iştirak etdi. Tezliklə “Refleksiv müəllim – 2019” diplomunun sahibini elan edəcəyik.