XƏBƏRLƏR

Xocalı soyqırımı Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində anıldı

26.02.2020

Fevralın 26-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzin direktoru Nəzakət Mehdiyeva giriş sözü ilə çıxış edərək bildirdi ki, Xocalı soyqırıımı nəinki xalqımız və dövlətimizə, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir və tarix XIX əsrin əvvəllərindən başlayaraq bir-birinin ardınca ermənilərin azərbaycanlılara qarşı mənfur əməllərinin şahidi olub.

Tədbirdə çıxış edən “Təhsil” nəşriyyatının əməkdaşı, yazıçı Sevinc Nuruqızı Xocalı faciəsi ilə bağlı qələmə aldığı əsərlərindən danışaraq, həmin faciədə uşaqların daha çox fiziki və mənəvi məşəqqətlərə düçar olduqlarını diqqətə çatdırdı.

AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı, dosent Ramilə Dadaşova isə tarix boyu ermənilərin türklərə, xüsusilə azərbaycanlılara qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən danışaraq, bildirdi ki, 1992-ci ilin 26 fevralında bir gecədə 7000-ə yaxın əhalisi olan Xocalı şəhəri oda qalandı. 613 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirlidi, 2000-dən çox insan yaralandı, onlardan 1000 nəfəri ömürlük şikəst edildi. 1250 nəfər insan əsir götürülərək işgəncələrə məruz qaldı, 150 nəfərin taleyi hələ də məlum deyil.

Qeyd edildi ki, ölkə prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsinin soyqırım kimi tanınması üçün bütün imkanlar səfərbər edilir. Həm Azərbaycanda, həm də dünyanın aparıcı ölkələrində “Xocalıya ədalət!”  kompaniyası çərçivəsində bir çox tədbirlər həyata keçirilir və erməni vəhşiliyi dünyaya çatdırılır.

Tədbirdə iştirak edən məktəb müəllimləri Xocalı faciəsi kimi ağrılı mövzuların məktəblərdə tədris prosesində qabardılmasına da münasibət bildirdilər. Qeyd edildi ki, milli yaddaşımızın formalaşmasında bu cür mövzuların dəfələrlə müzakirə olunmasının əhəmiyyəti çox böyükdür.