XƏBƏRLƏR

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbiri keçirilib

24.12.2016

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, təhsil ekspertləri iştirak edib. 

Tədbir TİPİİ-nin son bir ildə fəaliyyətindən bəhs edən tanıtım filmi ilə başlayıb. Sonra institutun direktor vəzifəsini icra edən Vəfa Yaqublunun hesabat nitqi dinlənilib. Vəfa Yaqublu TİPİİ-də təhsil sahəsində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, 2016-cı ildə 12 min 742 müəllim ixtisasartırma proqramlarında iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək TİPİİ-də son bir ildə görülmüş işləri müsbət qiymətləndirib və diqqəti növbəti təqvim ili üçün qarşıda duran vəzifələrə yönəldib. O, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb, təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün hazırlanmış elektron metodik tövsiyənin təqdimatı olub.

Digər çıxış edən müəllim və mütəxəssislər də cəmiyyətin tərəqqisində təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildiriblər.

İl ərzində müəllimlərin peşəkar dəstəyinə töhfə vermiş təcrübəli mütəxəssis  Fəridə Əliyeva TİPİİ adından Fəxri fərmanla təltif edilib.

Sonda “Peşəyə giriş” seminarının müdavimləri ilə  xatirə şəkli çəkilib.

FOTO | TANITIM FİLMİ