İxtisasartırma kadrlarının potensialının gücləndirilməsi məqsədi ilə distant təlimlərə başlanılıb
11.06.2020
TİPİM tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası” üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimlərinə başlanılıb.
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı hazırkı vəziyyətlə əlaqədar olaraq təlimlər distant şəkildə keçirilir. Bu təlimlər ibtidai sinif müəllimlərinin Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu, tədris resursları və müvafiq təlim strategiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması məqsədilə gələcəkdə ixtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsinə xidmət edir.
Təlim iştirakçıları müasir tədris resursları ilə bağlı məlumatlanmaq; fənnin məzmunu ilə bağlı biliklərini təlimin məqsədlərinə uyğunlaşdırmaq; ehtiyat dərsliklərin məzmunundakı yeniliklərlə, yaradıcı yanaşmalarla tanış olmaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.
8, 10 və 11 iyun tarixlərində təşkil olunan təlimlər ibtidai təhsildə Riyaziyyat fənninin, növbəti mərhələdə isə ibtidai təhsildə Azərbaycan dili fənninin tədrisi məsələlərini əhatə edəcək.