TİPİİ rəhbərliyinin təbrik məktubu
31.12.2016
Əziz təhsil işçiləri!
Bu gün qeyd etdiyimiz hər iki bayramın öz əhəmiyyəti və gözəlliyi vardır!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizə öz identifikasiyamızı düzgün müəyyən etməyə, qlobal fikirləşib lokal hərəkətə keçməyə kömək edən bir bayramdır. Bir xalq kimi bizə məxsus olan müsbət keyfiyyətlərimizlə ziyalı təmkini ilə öyünmək – azərbaycanlı olmaq deməkdir! Öz işini məsuliyyət və sevği ilə yerinə yetirmək – azərbaycanlı olmaq deməkdir! Azərbaycanı gözəl təbiətinə, təbii sərvətlərinə görə deyil, VƏTƏNİM olduğu üçün sevmək - azərbaycanlı olmaq deməkdir!
Dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları Vətənə bağlamaq, Vətən üçün xeyirli iş görməyə təşviq etmək, onlara impuls vermək – bu bayramın qayəsidir!
Yeni il bayramı gələcəyə gözəl arzular və planlarla hamımızı sehrinə salır. Odur ki, çox zaman yola saldığımız ötən ilin “hesabat”ını verməyi, bir il qabaqkı vədlərin, qurduğumuz planların haq-hesabını aparmağı unuduruq. Amma bu bayramın ən faydalı hissəsi dönüb ötən ilə baxmaq, uğurlarımıza görə öyünmək, səhvlər buraxaraq qazandığımız təcrübəyə görə qürurlanmaqdır.
Yaxşı müəllim həm də bayram etməyi bacarır! Bayram etmək mədəniyyətini şagirdlərinə, tələbələrinə də şəxsi nümunəsində göstərir!
Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirik!
Hörmətlə,
TİPİİ-nin direktor v.i.e. Vəfa Yaqublu
Əməkdar müəllim