XƏBƏRLƏR

Cəbhəyanı ərazilərdə "Əsas sosial emosional bacarıqların inkişafı" mövzusunda təlimlərə başlanılıb

06.03.2021

BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində Qarabağ münaqişəsindən zərər çəkmiş cəbhəyanı ərazilərdə yaşayan müəllim heyəti üçün “Əsas sosial emosional bacarıqların inkişafı” mövzusunda təlimlərə başlanılmışdır. Təlimlər cəbhəyanı ərazilərdən Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonlarını, Naftalan və Gəncə şəhərini əhatə edir.

Təlimlər Vətən müharibəsindən təsirlənən müəllimlərə və şagirdlərə müəyyən psixoloji dəstək vermək, onların sosial və emosional bacarıqlarını gücləndirmək məqsədilə həyata keçirilir. 18 akademik saatlıq təlim proqramı sosial emosional öyrənmə, sosial emosional bacarıqlar, empatiya, şagirdlərdə emosional bacarıqların inkişaf etdirilməsi, dəstəkləyici sinif mühitinin yaradılması və s. mövzularla əhatə olunmuşdur.

Təlimlər zamanı müdavimlərə şəxsiyyətdaxili və şəxsiyyətlərarası sosial emosional bacarıqlar, həmçinin onların müəllimlərdə və şagirdlərdə inkişaf etdirilməsi üsulları haqqında məlumatlar verilir. Eyni zamanda mövzularla bağlı müəllimlərin fikirləri dinlənilir, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş psixogimnastik çalışmalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilir.

Qeyd edək ki, “Əsas sosial emosional bacarıqların inkişafı” mövzusunda təlimlər MS Teams platforması üzərindən, onlayn formatda həyata keçirilir. Hazırda 400-dən çox müəllim təlimdə iştirak edib. Mart ayının sonuna qədər 3000 müəllimin təlimə cəlb olunması nəzərdə tutulub.