XƏBƏRLƏR

"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər keçirilir

27.04.2021

Azərbaycan Respublikasının Təhsil İnstitutunun UNICEF (BMT-nin Uşaq Fondu) ilə birlikdə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrası davam edir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər keçirilir.

UNICEF tərəfindən hazırlanan "Əsas həyat bacarıqları" proqramının əsas məqsədi cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatlarında rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra bacarıqlara yiyələnməsidir. Belə ki, təlimlər zamanı yeniyetmələrdə “Stresin idarə olunması”, “Emosiyaların tənzimlənməsi”, “Sağlam özünü qiymətləndirmə”, “Fəal dinləmə”, “Empatiya”, “Dayanaqlıq” kimi bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Pilot layihə çərçivəsində Ağdam, Bərdə və Tərtər olmaqla cri ilin mart-may ayları ərzində 200 nəfər müəllimin 12 saatlıq təlimə cəlb olunması planlaşdırılır. Onu da qeyd edək ki, təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən paralel olaraq yeniyetmələr üçün "Əsas həyat bacarıqları" üzrə məşğələlər həyata keçirilir.