"Peşəkar ol" proqramı əsasında təlimlərə start verilir
10.09.2021
ARTİ Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi 2017-ci ildən bəri start verilən “Peşəkar ol” layihəsini davam etdirir. Cari il üçün ilk təlimlərin tələbələrin müraciəti əsasında Bakı Slavyan Universitetinin tələbələri ilə keçirilməsi planlaşdırılır. Belə ki, Universitetin pedaqoji fakültələrində təhsil alan sonuncu kurs bakalavr və magistr tələbələri üçün "Peşəkar ol" proqramı əsasında təlimlərə start veriləcək. 21 sentyabrdan etibarən həyata keçiriləcək təlim proqramı 12 akademik saatı əhatə edir. Təlim zamanı iştirakçılar mütəxəssislər tərəfindən aşağıdakı mövzularda məlumatlandırılacaq, eyni zamanda müzakirə və fikir mübadiləsi aparılacaqdır.
- J.Piajenin “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi;
- Məktəbdaxili qiymətəndirmə;
- Yazı işlərinin təşkilində səmərəli üsullar;
- Dinləyib-anlama və danışma fəaliyyətləri üzrə işin təşkili metodikası;
- İnklüziya nədir?
Qeyd olunan təlimlərin keçirilməsində məqsəd yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.