"Refleksiv müəllim" seminarı keçirilib
10.09.2021
Bu gün saat 11:00-da ARTİ TİPİM tərəfindən Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün “Refleksiv müəllim” seminarı keçirilib. 90 dəqiqəni əhatə edən seminarda VI sinif Azərbaycan dili dərsliyində olan “Məktub” mətni üzrə dərs icmalı müzakirə olunub. Seminar zamanı qeyd olunan mövzuda dərs icmalı təqdim edilib və iştirakçılar dərslə bağlı təklif, irad və qeydlərini bildiriblər. Daha sonra “Mən olsaydım, bu dərsi daha yaxşı necə tədris edərdim?” sualı əsasında mövzu ətrafında fikir mübadiləsi aparılıb və müəllimlər öz təcrübələrini həmkarları ilə bölüşüblər.
Qeyd edək ki, seminarda 107 nəfər fənn müəllimi iştirak edib. Maraqla qarşılanan seminar üçün ümumilikdə 700-dən çox müəllim qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş digər şəxslər üçün də ayda iki dəfə olmaqla seminarlar təşkil olunacaq və onların seminarda iştirakı təmin olunacaq.
Adıçəkilən seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək; müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq; konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək; istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, «ideal dərs» anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.