"20 yanvar" şəhidlərinin anım tədbiri keçirilib
19.01.2017
Bu gün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "20 yanvar şəhidləri" sənədli film nümayiş etdirilib.
Filmi izlədikdən sonra Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə şərəflə yazıldığını deyib. O bildirib ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru cığır açıb.
Daha sonra İnstitutun əməkdaşları həmin günlə bağlı öz xatirələrini bölüşüblər. Natiqlər bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildiriblər.