XƏBƏRLƏR

Məktəbəhazırlıq qrupları təlimçilərinin görüşü keçirildi

31.01.2017

Yanvarın 31-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ötən il məktəbəhazırlıq qruplarında işin təşkilinə dair  təlimatlandırma kurslarını həyata keçirmiş bir qrup təlimçinin iştirakı ilə müzakirə məqsədli görüş təşkil edildi. Görüşün məqsədi ötən ilki təlimlərin keyfiyyətini təhlil etmək, məlum qüsurları  gələcəkdə   aradan qaldırmaq yollarını müzakirə etmək və müvafiq addımlar barədə fikir mübadiləsi aparmaq idi. Təlimçilərin ötən fəaliyyətləri barədə refleksiyaya qulaq asdıqdan sonra  İnstitutun Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin əməkdaşları məşğələ müşahidələri və müəllimlərlə müsahibələrin nəticələri barədə məlumat verdilər.  Bu məlumat ötən ilin noyabr- dekabr aylarında Bakı, Sumqayıt və Abşeronun seçmə yolla 35 məktəbində aparılmış monitorinqin nəticələri əsasında hazırlanmışdır.

Ümumi qənaət belədir ki, məktəbəhazırlıq qruplarında işləyən müəllimlər hələ də:

- 5 yaşlıların məktəbə adaptasiyasını rahat reallaşdıra bilmirlər;
- uşaqlarda yazı vərdişlərini  süni şəkildə sürətləndirirlər;
- sosiallaşma məsələlərinə önəm vermirlər;
- oyunlardan az və ya səmərəsiz  istifadə edirlər;
- valideynlərlə maarifləndirmə işini qurmaqda çətinlik çəkirlər;
- uşaqla ünsiyyət məsələlərində problemləri vardır;
- məşğələləri xaotik, məqsədsiz və plansız keçirirlər.

Bu problemləri aradan qaldırmaq məqsədilə qısa videomühazirə formasında elektron resurslar hazırlamaq ideyası dəstəkləndi.

"Yeni təlimlərin keçirilməsinə hazırlaşmaq üçün təlimçilərə hansı istiqamətdə inkişaf etmək lazımdır?" sualı ətrafında da canlı fikir mübadiləsi oldu. Sonda təlimçilər məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün TİPİİ-də hazırlanmış "Passiv mütaliə" mövzusunda elektron resursa baxdılar və onun müəllimin peşəkar inkişafına töfhəsini müzakirə etdilər.

FOTO | "Passiv mütaliə" videomühazirəsi