"Qlobal Müəllim Mükafatı – 2017"-nin qalibi ilə tanış olun.
30.03.2017
Dünyanın ucqar, qar və buzla əhatə olunan regionlarından birində Meggi Mak Donnel öz şagirdlərinin və cəmiyyətin həyatını dəyişir. “Qlobal Müəllim Mükafatı – 2017”-ni qazanan şəxs Şimali Kanadada inuitlərin yaşadığı Salluit qəsəbəsində işləyir. Bu qəsəbə o qədər ucqardır ki, buraya ancaq təyyarə ilə uçmaq mümkündür. Şimali Kanadanın ikinci ucqar məskəni olan bu yerdə cəmi 1300 nəfər yaşayır və hər biri Megginin işindən, istedadından və əzmindən bəhrələnir.
Dərs gününün günorta saat 3-də bitməsi fikri ilə razılaşmayan Meggi qeyd edir: “ Kiçik arktik cəmiyyətin müəllimi kimi mənim dərs günüm heç vaxt sona çatmır. Məktəbin qapıları bağlı ola bilər, lakin şagirdlərlə əlaqə davam edir, çünki mən onlarla birlikdə yaşayıram”.
Bu qəsəbədə həyat heç də asan deyil. Dondurucu soyuq və gediş-gəlişi məhdudluğundan əziyyət çəkmələri ilə yanaşı, Kanadanın yerli sakinləri uzun müddət davam edən təzyiqlərə qarşı savaş içindədirlər.
Yerli icmanın yaşadığı yerlərdə ətraf mühitin məhvinə yönəldilmiş təcavüzü və kütləvi iqtisadi-sosial bərabərsizliyi aradan qaldırmaq istəyi Megginin burada müəllim kimi işləməyinin ilkin səbəblərindən biridir. Bu region digər böyük çətinliklərlə də üzləşir. Burada təkcə 2015-ci ildə 18-25 yaşlı kişilər arasında 6 intihar hadisəsi qeydə alınmışdır. Məhrumiyyət və təcridlə üzləşən yeniyetmələr içkiyə, narkotik vasitələrə və özünəqəsdə üz tuturlar.
İnuitlərin məskəni olan Nunavikdə geniş yayılmış və kök salmış gender problemləri mövcuddur. Yeniyetmə hamiləliyi, seksual zorakılıq və gənc qızların fəaliyyətinin yalnız ev işləriylə məhdudluğu bu region üçün səciyyəvi xarakter daşıyır.
Həlli yolları
Bu mühitdə müəllim kimi işləmək özü də diqqətəlayiqdir. Lakin Megginin etdikləri bundan daha artıq və qeyri-adidir.
Bəs şagirdləri problemlərin həllini tapmağa istiqamətləndirməyin yolları nədir?
“Həyat bacarıqları” layihəsinin uğurlu olmasının 3 xüsusiyyəti var:
Bu proqram gəncləri müxtəlif maraqlı fəaliyyətlərlə məktəbə cəlb etmək üçün motivasiya edir.
Burada cəmiyyətin problemlərini həll etmək üçün bacarıqlar və kompetensiyalar formalaşdırır.
Şagirdlər gördükləri işə görə mükafatlandırılır. Meggi qeyd edir ki, burada şagirdlərin özünə inamı azdır, onlar cəmiyyət tərəfindən neqativ fikirlərlə qarşılaşırlar. Uşaqlara cəmiyyət üçün xeyirli insan olmaq şansı vermək həm şagirdlər, həm də cəmiyyət üçün bir çevrilişdir.
Gender problemlərini həll etmək bu regionun ən aktual problemidir, buna görə də Meggi qızlar üçün proqramlar tərtib etmişdir. Qeyd edək ki, əvvəllər qeydiyyatdan keçənlərin əsas hissəsini oğlanlar təşkil edirdi və yeni proqramla Meggi 500% inkişaf göstəricisi ilə qızları fəaliyyətə cəlb etdi.
Həyat bacarıqları
Megginin hazırladığı proqramlar müxtəlif istiqamətləri əhatə edirdi (velosiped təmirindən tutmuş inşaata qədər). Onlardan bəziləri aşağıdakılardır:
Fitnes mərkəzi
Sağlam məşğuliyyət imkanlarının az olduğu bir cəmiyyətdə Meggi və onun şagirdləri fitnes mərkəzi yaratdılar. 100 000 dollar büdcəylə başlayan bu proqramda Megginin şagirdləri boyama işindən tutmuş təchizatın yığılma işinə qədər hər işlə məşğul oldular. Şəkərli diabet və piylənməyə gətirən xəstəliklərin hökm sürdüyü İnuit icmasında bu layihə inanılmaz dərəcədə faydalı oldu.
İcma mətbəxi
Yalnız qızlar üçün nəzərdə tutulmuş bu layihədə 75 yerli sakin bir araya gəlib, şagirdlərin köməyi ilə hazırlanan yeməklə qida problemi yaşayan qrupları təmin etdi. Bu layihə yalnız aşpazlıq qabiliyyətinin inkişafında deyil, həmçinin qida təhlükəsizliyi və sağlam qidanın az olduğu bölgələrin yeməklə təmin olunmasında böyük rol oynadı.
“İkinci əl” mağazası
Bu qəsəbədə demək olar ki, bütün əşyaların kənardan gəlməsi yaşayış şərtlərini ağırlaşdırır, buna görə də Megginin şagirdləri bu mağazanı yaratmaq istəyirdi. Onlar bütün bağışlanılan “ikinci əl” əşyaları yığıb, həftəsonları mağazada satırdılar. Bununla da şagirdlər mağazanın idarə olunması, mühasiblik, müştəriyə xidmət kimi bacarıqlar əldə etməklə yanaşı, sakinləri “ikinci əl” əşyalarla təmin edirdilər.
“Qlobal Müəllim mükafatı - 2017”nin qalibi
Bütün bunlardan başqa şagirdlər şəkərli diabetlə mübarizə üçün 40 000 dollar vəsait toplamağa nail olublar. Meggi həmçinin müvəqqəti qəyyum-ana və xilaskar vəzifələrini də yerinə yetirib. O qeyd edir ki: “Üç fərqli hadisə ilə əlaqadər şagirdlərim mənə yaxınlaşıb, həyatlarını qurtardığım üçün mənə təşəkkür ediblər. Onlar yaxınlarının və dostlarının intihar etmək istədiyini və ya hər hansı travma aldıqlarını görən, keçid yaş mərhələsində olan gənclər idi. Şagirdlərim intiharla mübarizə üçün mənə müraciət etmişdilər”.
Şagirdlərinin və Salluitdə olan hər kəsin həyatında əlamətdar rol oynamış Meggi Mak Donnel 1 000 000 ABŞ dolları dəyərində 2017-ci ilin Qlobal Müəllim Mükafatına layiq görülmüşdür. O, bu mükafatı qeyri-hökümət təşkilatı yaratmağa xərcləyəcək.
Təbriklər, Meggi!
“Qlobal Müəllim Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun maliyyə dəstəyi ilə Varkey Fondu tərəfindən təsis edilmişdir.