Dayanıqlı inkişafla bağlı açıq dərs keçirilib
10.04.2017
Aprelin 10-da 132-134 saylı təhsil kompleksində “Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və digər qonaqlar izləyiblər.
Açıq dərsin keçirilməsində məqsəd şagirdləri bəşəriyyətin aktual problemləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə tanış etməkdir.
Şagirdlər təhsilin insan həyatında rolu, keyfiyyətli təhsilin bəşəriyyətə təsiri mövzusunda tapşırıqlar yerinə yetirib, fikir mübadiləsi aparıblar. Daha sonra şagirdlər müxtəlif qurumların nümayəndələrinə məktub yazıblar.
Dərsdən sonra Əli Əhmədov çıxış edərək ölkəmizdə yüksək keyfiyyətli təhsil şəraitinin yaradılması üçün görülən işlərdən bəhs edib. Qlobal problemlərə toxunan baş nazirin müavini Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının Azərbaycan üçün əhəmiyyətindən danışıb. Təhsilin hər bir insanın xoşbəxt həyatının təmin olunmasında vacib amillərdən biri olduğunu deyən Əli Əhmədov şagirdlərin diskussiyasını maraqla izlədiyini, açıq dərsi yüksək qiymətləndirdiyini deyib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda savadlılıq səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb, təhsilin inkişafı ilə bağlı bir sıra addımlar atıldığını deyib. Öz təcrübəsini şagirdlərlə bölüşən Q.İsakzai onların yazdıqları məktubların BMT baş katibinə çatdırılacağını bildirib.
Qeyd edək ki, YUNESKO-nun Assosiativ məktəblər layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsinə başlanılıb. Assosiativ məktəblər şəbəkəsinə Azərbaycandan 18 təhsil müəssisəsi qoşulub. YUNESKO-nun Assosiativ məktəblər şəbəkəsinə daxil olan Azərbaycan məktəbləri “Dünyanın ən böyük dərsi” aksiyasına qoşulub. Aksiyanın məqsədi hamını yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinin qarşısının alınması, keyfiyyətli təhsil, gender bərabərliyi və s. kimi problemlərin həllinə qoşulmağa çağırmaqdır. “Dünyanın ən böyük dərsi” üzrə artıq 5 dərs nümunəsi Azərbaycan dilinə tərcümə olunub və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) internet səhifəsində yerləşdirilib.